BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.infoxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.

Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Şri-Lanka arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirərək beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.

İqtisadi sahədə əlaqələrin inkişafının önəmini qeyd edən dövlət başçısı bunun üçün yaxşı potensialın olduğunu bildirib. Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə səmərəli görüşlər keçirəcəyinə və qarşılıqlı səfərlərin təşkil olunacağına əminliyini bildirib.

Məhəmməd Şərif Anis Şri-Lanka Prezidenti Maytripala Sirisenanın və Şri-Lankanın Baş nazirinin salamlarını dövlət başçısına çatdırıb. Səfir ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin önəminə toxunaraq ticarət və sənaye sahələrində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini deyib.

Azərbaycanın regionda ən gözəl turizm məkanlarından biri olduğunu qeyd edən səfir bu sahədə Şri-Lanka ilə Azərbaycan arasında əməkdaşlığın qurulması üçün geniş imkanların olduğunu bildirib. Səfir eyni zamanda qarşılıqlı investisiya sahəsində imkanların araşdırılmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanın və Şri-Lanka Baş nazirinin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Daha sonra isə prezident İlham Əliyev Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Ebrahim Yusuf Al-Abdullanın etimadnaməsini qəbul edib.

Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Bəhreyn arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Ebrahim Yusuf Al-Abdullanın səfirlik fəaliyyəti dövründə Azərbaycanın müxtəlif qurumlarının rəhbərləri ilə görüşəcəyinə və bu görüşlərin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Ebrahim Yusuf Al-Abdulla Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını və xoş arzularını dövlət başçısına çatdıraraq qeyd edib ki, Bəhreyn Krallığında Azərbaycan xalqının Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər əldə etdiyi uğurlar böyük maraqla izlənilir.

Səfir Ebrahim Yusuf Al-Abdulla iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirib, eyni zamanda, mədəni əlaqələrin inkişafının da önəmli olduğunu qeyd edib.

Azərbaycan ilə Bəhreyn arasında bir çox oxşar məqamların olduğunu bildirən səfir vurğulayıb ki, hər iki ölkə öz müstəqilliyinin, ərazi bütövlüyünün möhkəmkləndirilməsi, eyni zamanda, sivilizasiyalararası dialoqun təşviqi, sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bütün dünyada səylər göstərir.

Ebrahim Yusuf Al-Abdulla qeyd edib ki, Azərbaycan Prezidenti və Bəhreyn Kralının əlaqələrin inkişafı ilə bağlı göstərdiyi siyasi iradə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaradır və beynəlxalq ictimaiyyətin bizim ölkələrimizə böyük etimadı var.

Səfir onu da bildirib ki, Azərbaycan postsovet məkanında, Bəhreyn isə Yaxın Şərqdə aparıcı maliyyə mərkəzlərindən biridir və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

Dövlət başçısı siyasi əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edərək iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini müxtəlif məsələlər, o cümlədən ölkələrimizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü məsələlərində dəstəklədiyini, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda həmrəylik göstərdiyini məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini və bunun İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq, keçən il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu və böyük müvəffəqiyyətlə IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycan müsəlman ölkələri arasında birliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. İqtisadi-ticari əlaqələrin, qarşılıqlı ixracatın genişlənməsinin vacibliyinə toxunan dövlət başçısı turizm sahəsində də böyük potensialın olduğunu və Bəhreyndən Azərbaycana gələn turistlərin sayının durmadan artdığını qeyd edib.

Dövlət başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin salamlarına və xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Bəhreynin Kralına çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev avqustun 8-də Koreya Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunan səfiri Kim Hen Cunun da etimadnaməsini qəbul edib.

Kim Hen Cun etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı gələcək illərdə iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlarda, ilk növbədə BMT və Qoşulmama Hərəkatında fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirərək, bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində konfransının keçirildiyini və tədbir çərçivəsində Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri ilə görüşünü məmnunluqla xatırlayıb. Azərbaycanın gələn il bu təşkilatın sammitinə ev sahibliyi edəcəyini deyən dövlət başçısı ikitərəfli münasibətlərin müxtəlif formatlarda bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Kim Hen Cun ilk növbədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarını dövlət başçısına çatdırıb. Səfir Koreya Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin tarixi ənənələrə söykəndiyini qeyd edərək, ikitərəfli münasibətlərimizin əsasının rəhbər Kim İr Sen və xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Səfir bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra onun suverenliyini ilk tanıyan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikası olub və bu illərdə əlaqələrimiz inkişaf edib.

Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Inın və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin Sədrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen Ina və Koreya Xalq Demokratik Respublikasının Ali Xalq Yığıncağı Rəyasət Heyətinin sədrinə çatdırmağı xahiş edib.

 

Qeyd edək ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

İstixəbər.info İnformasiya Portalı

loading...