“Xudatlılara pulsilən dövlət qurumu lazım deyil!!!” – Müqəddəs Mehdiyev YAZIR…

  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Əziz dostlarım və izləyicilərim! Xəstə olsam da bir vacib məsələyə münasibət bildirməliyəm.

Xudat şəhər xəstəxanasını “Ailə və sağlamlıq” mərkəzinə çevirmək istəyirlər. Bunu icbari tibbi sığortaya keçidlə əlaqələndirirlər. Aldığım məlumata görə, mərkəzdə çarpayı olmayacaq. Burada heç bir cərrahiyyə əməliyyatı aparılmayacaq, doğum şöbəsi fəaliyyət göstərməyəcək. Yəni, insanlar təxirəsalınmaz tibbi yardımdan məhrum ediləcəklər. Bu nə rüsvayçılıqdır? Bu nə özbaşınalıqdır? Bu nə rəzalətdir? Xudat xəstəxanası Sovetlər Birliyi dövründə və müstəqillik dönəmində fəaliyyətdə olub. Bu tibb ocağında peşəkar həkimlər və tibb mütəxəssisləri çalışır. Onlar bütün çətinliklərə baxmayaraq peşə borclarını vicdanla yerinə yetirirlər. Xəstəxana yetmiş min əhaliyə xidmət göstərir. Bəs indi necə olacaq? Həkimləri və tibb işçilərini küçəyəmi atacaqlar? İllərdir bütün camaat gözləyir ki, xəstəxana əsaslı təmir ediləcək, buraya müasir avadanlıqlar gətiriləcək, həkim çatışmazlığı aradan qaldırılacaq, yeni ambulans maşınları alınacaq və s. Bu da uzun illərdir əhaliyə verilən vədlərin nəticəsi. Yaddan çıxarırlar ki, hər il yaz-yay mövsümündə Yalama-Nabran zonasına minlərlə turist gəlir. Bundan əlavə, Nabrandakı bağ evlərinə gələnlərin sayı kəskin surətdə artır. Bəlkə birinin kiçik bir əməliyyata ehtiyacı oldu? Bəlkə kiminsə doğum həkiminə ehtiyacı oldu? Söhbət təkcə turistlərdən də getmir. Elə yerli əhalinin də tez-tez bu tipli müraciətləri olur. Məsələn, Rusiya ilə həmsərhəd olan Xanoba kəndinin sakini təcili şəkildə appendisitdən əməliyyat olunmalıdırsa, onu mütləq Xaçmaz şəhərinə çatdırmaq lazım gələcək.Yolda xəstənin başına bir hadisə gələrsə, kim cavab verəcək? Budur səhiyyədəki islahatlar? Heç kəs icbari tibbi sığortanın əleyhinə deyil. Amma bu proses kimlərinsə həyatı bahasına başa gəlməməlidir. Nəyisə ləğv etməklə problemlər həll olunmur!

Üç gündür Xudatdan və ətraf kəndlərdən telefon zəngləri alıram.İnsanlar bu məsələdən çox narahatdırlar. Bəziləri hətta etiraz aksiyası keçirmək niyyətindədirlər. Başqa vətəndaş qrupları səhiyyə nazirliyinin və prezident aparatının qarşısına getməyi təklif edirlər. Mən hesab edirəm ki, vətəndaşlar narazılıq etməkdə haqlıdırlar. Deyəsən, on beş ildir Xudat xəstəxanasına ayrılan vəsaitlərin hesabını sormaq vaxtı çatıb. Daha bəsdir! İnsanların hisləri ilə oynamayın, istədiyiniz dövlət müəssisəsinə müxtəlif adlar qoyub xalqı aldatmayın! Xudatlılar müasir tipli və standartlara cavab verən xəstəxana tələb edirlər! Onlara pulsilən dövlət qurumu lazım deyil!!!

Xudat şəhərindən və ətraf kəndlərdən olan dostlarıma və izləyicilərimə müraciət edirəm. Bu məsələyə səssiz qalmayın və münasibət bildirin!

Jurnalist, politoloq, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev

İstixeber.info

escort mersin mersin escortları