Be. Dek 16th, 2019

Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin hesabat tədbiri keçirilib – FOTO

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının binasında Mingəçevir şəhər, Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

İstixeber.info xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Mingəçevir,Tərtər, Bərdə və Yevlax rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Öncə qonaqlar ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri qoyublar.

Tədbirdə Mingəçevir, Tərtər, Bərdə və Yevlax təhsil şöbə müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini məktəblərin buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə toxunub, bu göstəricilərin artırılması istiqamətində işlərin davam etdirilməsini tövsiyə edib. Nazir müavini bildirib ki, zəif nəticələrin səbəbi araşdırılmalı, məktəb və təhsil şöbələrinin əməkdaşları birgə fəaliyyət göstərməlidir. Məhəbbət Vəliyeva məktəblərdə xarici dil fənninin tədrisinin aşağı səviyyədə olduğunu bildirib, günün tələblərinə uyğun tədbirlər planının tərtib edilməsini tövsiyə edib.

Nazir müavini çıxışının sonunda təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra qeyd olunan şəhər və rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəbəhazırlığın təşkilinin vacibliyindən, məktəbdaxili qiymətləndirmədən danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonda görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.

Tədbirdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif edilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Tərtər rayonu Uşaq-Gənclər İdman Şahmat məktəbində də olub, məktəbin gənc şahmatçıları ilə görüşüb. Nazir müavini rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub.

İstixeber.info