BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sağlam münasibətlər hər bir ailənin təməlidir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sağlam münasibətlər hər bir ailənin təməlidir – demək olar ki, hər birimiz bunu eşitmişik. Lakin heç də hər kəs sağlam ailə münasibətlərin necə qurulması barədə, o cümlədən tərəf müqabilinin emosional və fiziki təlabatı barədə kifayət qədər məlumata malik deyildir.

Tərəf müqabilini anlamama narazılığa və qarşılıqlı münasibətlərin ümumi ahənginin korlanmasına səbəb olur. Buna görə də xoş və sağlam birliyin, o cümlədən ailə münasibətlərinin qurulması üçün tərəf müqabillərinin bir-birini anlaması və başa düşməsi vacibdir.

Sağlam münasibətlər özündə hər şeyi – mənəvi təhlükəsizliyi, sözlü və ya sözsüz davranışı, fiziki yaxınlığı ehtiva edir. Bunlar uzunmüddətli ailə səadətinin əsaslarıdır. Sağlam münasibətlər hər bir ailənin təməlidir.

Tərəf müqabilinizlə sağlam münasibətlər qurmaq üçün edilməli olanları və edilməli olmayanları sizin üçün sıralamışıq:

Edilməli olan: Münasibətlərinizdə inam, etibar yaratmaq

İnam, etibar münasibətlərin ən vacib aspektlərindən biridir. İnanmaq və etibar etmək münasibətdə qarşılıqlı güvən və sadiqlik yaradır. Bunun üçün tərəf müqabili ilə qarşılıqlı ünsiyyət zəruridir. Tərəf müqabilinizdən münasibətiniz barədə düşüncələri, gözləntiləri və hissləri barədə mütəmadi olaraq soruşun. Soruşmadan heç vaxt bilə bilməzsiniz. Problemlər, qorxular və təəssüratları barədə soruşmaqla bir-birinizə qarşılıqlı inam və rahatlığa kömək olan emosional dəstək göstərmiş olursunuz. Yoldaşınızla hər şey barədə rahatlıqla danışa bildikdən sonra münasibətləriniz də güclənir. Buna görə də, bu söhbətlərdən geniş istifadə edin.

Edilməli olmayan: Yalan danışmaq

Bir-birinizə qarşı dürüst olun. Dürüstlük olmadan münasibətlərdə əlaqə də effektiv olmaz. Dürüst olmaq münasibətlərinizdə qarşılıqlı yaşadığınız və yaşamadığınız hər bir şeylə bağlı etibarlılıq, inam və əminlik formalaşdırır. Təbii ki, dürüstlük bəzən çətinlik yarada, əziyyət də verə bilər. Lakin bilmək lazımdır ki, münasibətlərinizə xələl gətirə biləcək hər hansı məsələ barədə dürüst olmaqla siz onun qısa müddətdə həlli üçün işə başlamaqla bərabər onun mümkün təhlükələrini də aradan qaldırmış olursunuz. Atalar demiş – ƏN YAXŞI BİCLİK DÜZLÜKDÜR.

Edilməli olan: Fikrini hansı formada ifadə etməyi bilmək

Düzgün rəyləriniz əsasında formalaşmış mövqeyinizi qarşılıqlı şəkildə tərəf müqabilinizlə paylaşmaq vacibdir. Sağlam münasibət üçün nəyi, nə vaxt və hansı formada tərəf müqabilinizə deməyi bilmək gərəkdir. Tərəf müqabilinizin düşüncələrini bilməklə ona nəyi deyəcəyinizi, nəyi isə deməyəcəyinizi, indimi yoxsa sonra deyəcəyinizi, hansı tərzdə və hansı sözlərlə deməyi bilmək əlavə söz-söhbət və problem yaranmasının qarşını alır. Həmçinin, qarşılıqlı hörmətin qorunub saxlanılmasına kömək edir. Bu, həmçinin tərəfə məsələ barədə ətraflı düşünmək üçün imkan da yaradır. Bu formada fikir çatdırılması tərəf müqabilinizi müvafiq məsələ ilə bağlı söhbətdə “qarşı olmaq” mövqeyindən uzaqlaşdırmaqla, həqiqi və faydalı həllə kömək edir.

Edilməli olmayan: Xüsusi vacib mövzulardan danışmaqdan çəkinmək

Sağlam münasibət üçün tərəf müqabilinizlə açıq və dürüst olmalısınız. Bir-birinizə gerçək hissləriniz, o cümlədən sizi narahat edən, utancaqlıq və ya digər səbəblərdən söyləyə bilmədiyinizi düşündüyünüz mövzular barədə danışın. Tərəf müqabilinizin sizin daxili aləminizi bilmədən sizi tam mənada anlaması, ondan və münasibətinizdən nə gözləməsini bilməsi çox çətin və hətta mümkünsüzdür. Ona görə də sizin üçün və yoldaşınız üçün xüsusilə vacib olan mövzuları bir-birinizə danışmaqdan çəkinməyin, qorxmayın. Utancaqlıq və ya yetərsizlik hissi sizin özünüzə də pis təsir etməklə münasibətinizi korlaya, tərəf müqabilinizdə ona inamsızlıq olması fikri formalaşdıra bilər.

Edilməli olan: Davranışlara diqqət etmək

Tərəf müqabilinizlə əla rabitənin qurulması onunla söhbət edilməsindən daha çoxunu nəzərdə tutur. Bunun üçün onun davranışlarına, o cümlədən bədən dilinə diqqət yetirilməsi xüsusi önəm kəsb edir. Yoldaşınızın davranışlarının səbəblərini, onun bədən dili hərəkətlərinin hansı məna kəsb etməsini öyrənməyə çalışın. Onun üz mimikalarının, əl-qol hərəkətlərinin və ya sadəcə baxış tərzinin nə anlama gəlməsini özünüz üçün müəyyən edin və yadda saxlayın. Bu, təbii ki, bir qədər əziyyətverici və vaxtaparan olacaq. Lakin nə qədər qısa müddətdə və mükəmməl şəkildə bunu öyrənsəniz, yoldaşınızla qarşılıqlı münasibətləri də düzgün qura və xoşbəxt ailə həyatını təmin edə bilərsiniz.

Edilməli olmayan: Mesajla vacib şeyləri müzakirə etmək

Mesajlaşma, mütəmadi olaraq fikir paylaşmaq qarşılıqlı münasibətlərdə vacib amillərdəndir. Lakin bu zaman da müəyyən detalları nəzərdən qaçırmamaq lazımdır. Sizin yoldaşınızla həftə sonu planlarınız, yaxud görüş saatınızı dəqiqləşdirməklə bağlı yazışmağınız, təbii ki, anlaşılandır. Lakin bir-birinizə mesaj yazmaqla hər hansı probleminizi müzakirə etmək və onun həllinə çalışmaq düzgün və effektiv üsul deyildir. Ciddi məsələlərin müzakirəsi şəxsən, üzbəüz həyata keçirilməlidir. Düşüncələrinizi və hisslərinizi yazmaqla çatdırmaq qarşı tərəfə təəssüratınızı tam mənada aşılamadığı, sadəcə informasiya xarakteri kəsb etdiyi üçün quru və laqeyd qalır, önəmsizlik hissi yaradır. Sözləri ekrandan oxumaqla müzakirə olunan danışığın ahəngi dəyişir, məsələnin mahiyyətində həvəssizlik, bəzən hətta anlaşılmazlıq meydana gəlir. Bu, hətta asan bir problemin həllinin çıxılmaz hala düşməsinə də gətirib çıxara bilir. Üzbəüz danışmaqla və göz əlaqəsi qurub fikri qarşı tərəfə daha rahat və səmimi şəkildə çatdırmaqla isə mövcud problemi daha rahat və tez həll etmək mümkündür. Buna görə də ciddi mövzuların müzakirəsini qarşılıqlı şəkildə aparmaq daha faydalı və effektivdir.

Edilməli olan: Pozitiv olmaq

Münasibətlər tərəf müqabillərinin hər bir məsələyə pozitiv formada yanaşmaları ilə xüsusilə möhkəmlənir. Hər bir ailə cütlüyü, ən xoşbəxt olanları belə həyatda enişli və yoxuşlu günlər keçirir. Bu, təbiətin yazılmamış qanunlarındandır. Münasibətinizin həmişə pozitiv əhval-ruhiyyədə qalmasına çalışın. Bunun üçün yumordan istifadə edin, zarafatlar edin, tərəf müqabilinizə nəvazişlə və ehtiramla yanaşın, nailiyyətlərinizi qeyd edin, hədiyyələr alın, hər bir an mənəvi dəstək göstərin. Gülüşün münasibətlərinizdə önəminə xüsusi əhəmiyyət verin.

Edilməli olmayan: Qulaq asmağı unutmaq

Heç kəsə sözlərinin qulaq ardına vurulması xoş deyil. Söhbətlərinizdə nə vaxt danışmağı və nə vaxt susmağı bilmək sizi həm alicənab, həm də anlayışlı edər, qarşı tərəfdə hörmət hissi yaradar. Həyat yoldaşınızın qayğılarına və istəklərinə qulaq asın, diqqətlə qulaq asın. Gərgin iş gününün sonunda bunun edilməsi sizə çətin gələ bilər. Ancaq səbrli və təmkinli davranın. Bu ailəni siz qurmusunuz, onu ailə kimi sağlamaq üçün də ailə münasibətlərinizi həmişə əsas tutmalısınız. Yoldaşınızı mühakimə etməyə keçməyin, məsələ barədə baxış tərzlərini danışmalarına imkan yaradın və maraqla dinləyin. Bu, qarşılıqlı anlaşılmazlıqların tez bir zamanda həll olunmasında və evdə xoşbəxt auranın yaranmasında sizə xüsusi fayda verəcəkdir.

Sağlam münasibətlər hər bir ailənin təməlidir – bunu həmişə diqqətdə saxlayın.

Həm də unutmayın ki, qarşılıqlı münasibətlərin sağlamlığı bir tək söhbət etməklə və ya müəyyən şeyləri bölüşməklə formalaşmır. Buna həyatın hər bir anını paylaşmaqla, bölüşməklə nail olunur. Bunun üçün hətta fiziki olaraq bir yerdə olmayan zamanlarda da münasibətlərin ahəngini saxlamaq üçün texnoloji vasitələrdən istifadə edin, mesaj göndərin, zəng edin, görüntülü zənglərlə təəccübləndirin tərəf müqabilinizi. Hər anınızı mümkün qədər bir-birinizə ayırmağa çalışın. Buna xüsusi önəm verin və tərəf müqabilinizə də bunu aşılayın.

“Hərəkətin səsi sözlərdən daha gur çıxır” – məsələni unutmayın!

İstixeber.info

loading...