BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xoşbəxtliyin dalınca qaçmaqla xoşbəxt olunmur


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xoşbəxtliyin dalınca qaçmaq – bu, əksəriyyətimizin, qeyri-iradi də olsa, gündəlik fəaliyyətimizin özəyidir. Lakin xoşbəxtliyin dalınca qaçmaqla xoşbəxt olunmur.

“Xoşbəxtlik nədir?”- bu sualı özünüzə vermisinizmi? Sizin üçün xoşbəxtlik nəyi ifadə edir? – bahalı evə və ya maşına, çoxlu pula sahib olmaqmı, uğurlu və hər kəsin qibtə etdiyi karyera qurmaqmı, və yaxud çoxlu dostlara malik olmaqmı, ya da ki, gözəl həyat yoldaşıyla bir ömrü paylaşmaqmı….!?

Fəlsəfədə “Xoşbəxtlik” Antik-Yunan “Eudamonia” konsepsiyasından irəli gələn bir məfhum kimi qəbul edilir və sadəcə bir duyğu olmamaqla irəliyə doğru gedən, inkişaf edən yaxşı həyatı ehtiva edir.

Bu sualı indi belə özünüzə versəniz, hər kəsin cavabı müxtəlif olacaq. Bu təbiidir. Çünki sizi xoşbəxt edəcəyini düşündüyünüz hər bir şey əslində sizin bugünə qədər qazanmış olduğunuz həyat təcrübəsinin təsiri altında maraq və istəklərinizin inikasıdır.

“Xoşbəxtlik” barədə danışdıqda ümumi olan bir hal bizim xoş hisslər keçirməyimizdir. Hər bir anında sıfır neqativizmlə sevinməyimizdir, bunu çox da kənara biruzə vermək istəməsək belə, daxilən gülüşümüzdür.

Alt şüurumuzun da təsiri altında biz istəyərək, yaxud qeyri-iradi “XOŞBƏXT OLMAQ” məfhumunu öz məqsədimizə çevirmişik və onu əlimizdən almağa çalışacaq hər bir təhlükəni dəf etməyə hazırıq.

Bilməliyik ki, kədəri və sıxıntını yaşamaqla onların nə olduğunu bilməsək, xoşbəxt olmağın da nə demək olduğunu anlamaz, onun qədrini bilmərik.

Əgər düşünürsünüzsə ki, başqaları həmişə xoşbəxtdir, yanılırsınız.

Əksəriyyətimiz kiminsə mükəmməl yaşayış tərzini görüb fərz edirik ki, onlar xoşbəxtdir. Yeniyetmə yaşlarımızda oxuduğumuz bədii əsərlərdən xoş sonluqları öyrənmişik. Özümüz də daxil, sosial medyada hər kəs özünün xoş anlarını paylaşmağa meyl edir.

Reallıqda isə daima nəsə çatışmır, nəsə əskikdir, ürəyimizə yatmayan bir şeylər həmişə var.

Ancaq bilin ki, heç də hamının mükəmməl həyatı yoxdur. Hətta həsəd doğuran məşhurluğa və maddi imkana malik şəxslərin belə çətinlikləri və problemləri var.

Bizim özümüz də bugünə qədər çoxsaylı problem və çətinliklərdən keçmişik. Həmin vaxt üçün uzun müddət düşünməyimizə və çıxış yolu axtarmağımıza səbəb olan problemlər barədə indi düşündükdə, onlar bizə xırda məsələ kimi görünür. Çünki artıq biz həmin anda deyilik, onu yaşamış və aşmışıq, indi artıq eyni situasiyada necə hərəkət edəcəyimizə dair bir təcrübəmiz var. Köhnə probllemləri yada salanda, hətta indi qısa müddətli gülüşümüzə səbəb olanlarını da xatırlaya bilərik.

Xoşbəxt olmağa çalışmayın, XOŞBƏXT OLUN!!!

Təbii ki, hər kəs gözəl həyat yaşamaq və mümkün qədər xoş anlar keçirmək istəyir. Ancaq bilməliyik ki, mükəmməl həyat yaşamaq “xoşbəxt olmaq” demək deyil. Mükəmməl həyat yaşamaq insanı cəmiyyətdə müxtəlif çətinliklərdən uzaq tutur, bəzi problemlərin mövcudluğundan belə məlumatsız edir. Eyni zamanda, bu hal insanın bir fərd kimi inkişafına da mane ola bilir. Dolayısı ilə, yuxarıda dediyimiz kimi, “kədəri və sıxıntını yaşamaqla onların nə olduğunu bilməsək, xoşbəxt olmağın da nə demək olduğunu anlamaz, onun qədrini bilmərik”.

Həqiqətən xoşbəxt olmaq üçün onun dalınca qaçmağı dayandırın. Bir dəfəlik qəbul edin ki, necə yaşamağınızdan asılı olmayaraq həyatın enişi və çıxışı olacaq. Çünki

XOŞBƏXTLİK POZİTİV VƏ NEQATİV HADİSƏLƏRİN DALĞALANMASIDIR.

Hadisələrə məmnuniyyətlə baxmağı özünüzdə aşılayın. Bu vacibdir, çox vacibdir. Hazırda baş verən neqativ bir şeyə fokuslanmaqdansa, malik olduğunuz başqa dəyərləri düşünün. Məsələn, övladlarınızı və onlarla keçirdiyiniz xoş xatirələri yadınıza salın.

Xoşbəxtlik kədərlə birgə mövcuddur. Xoş, gözəl anlarla yanaşı inanılmaz məqamlar da yaşayacaqsınız. Sevinc göz yaşları, qışqırıqları və hadisələri olacaq. Eyni zamanda, yağışlı və tufanlı günlərdən də keçəcəksiniz. Ancaq bilin və qəbul edin ki, üzünüzü günəş işıqlandırması və ürəyinizi yağışın nəmləndirməsi həyatın qabarma və çəkilməsi kimidir. Kədərli anların sizə qazandırdığı güc xoşbəxt anların xəzinəsinə açardır. Kor şəkildə xoşbəxtlik dalınca qaçıb qəmgin və neqativ təcrübələrdən çəkinməyin. Mənalı təcrübə və nailiyyətlər sayəsində siz həyatın balansını tapacaq, həyatdan razı qalmağın əsl səviyyəsinə çatacaqsınız.

İstixeber.info

loading...