BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Alt paltarından corabına qədər yoxlanılan abituriyentlər – AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu günlərdə IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib.

İmtahan prosesinin idarə olunması üçün Dövlət İmtahan Mərkəzində operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İstixeber.info xəbər verir ki, News24.az-a daxil olan çoxsaylı şikayətlər əsasında məlum olub ki, paytaxtın Səbail rayonu ərazisindəki 190 və 189 saylı ümumtəhsil orta məktəbində keçirilən imtahanda şagirdlərə qarşı kobud rəftara yol verilib. Belə ki, adı çəkilən məktəblərdə yoxlama nəzarəti zamanı şagirdlərin bir neçəsinin hətta alt paltarına baxış keçirilib. Bu hal imtahan öncəsi həm şagirdlərin, həm də valideynlərin kəskin etirazına səbəb olub. Yoxlama baxışı fərdi qaydada deyil, məhz şagirdlərin bir-birinin gözü qarşısında baş verib.

DİM: “İmtahan binasına telefonla daxil olmağa cəhd edənlər var”

Daxil olan şikayətlər əsasında bu mövzunu işləmək qərarına gəldik. Məhz bununla əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən buraxılış imtahanında baş verən bu kimi hallarla bağlı sualımıza belə cavab verildi: “Təcrübə də göstərib ki, imtahanlara məhz alt paltarında, həm də ayaqqabıların içərisində konspekt keçirən şagirdlərə rast gəlinir. Bəzən şagirdlər arasında buna cəhd edənlər olur. Yoxlama məsələsinə gəlincə isə hər bir şagird fərdi formada xüsusi ayrılmış yerlərdə yoxlanılıb.

Bundan başqa Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda təhlükəsizliyin təmin edilməsi, eləcə də imtahan binasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısının alınması üçün imtahan binasının girişində xüsusi buraxılış rejimi tətbiq olunur. Belə ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) tərəfindən binaya daxil olan hər bir şəxs baxışdan keçirilir. Qəbul qaydalarına əsasən, iştirakçılar tərəfindən binaya mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Bununla bağlı məlumat imtahana buraxılış vərəqəsində də qeyd olunur. Çox təəssüf ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq müəyyən şagirdlər yenə də imtahan binasına telefonla daxil olmağa cəhd edirlər”. Dövlət İmtahan Mərkəzi onu da qeyd edib ki, hər zaman imtahan öncəsi şagirdlərə, həmçinin abuturiyentlərə ciddi xəbərdarlıq edildiyini bildirib: “Qəbul qaydalarına zidd olaraq imtahan binasına qadağan olunmuş vasitələr keçirənlərin imtahan nəticələri ləğv edilir.

Bundan əlavə, imtahandan bir gün əvvəl Dövlət İmtahan Mərkəzi və Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının iştirakı ilə təhlükəsizliyin təmin edilməsi məqsədilə bütün imtahan zalları, giriş-çıxış qapıları, binanın zirzəmisi, damı möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil verilir. Göründüyü kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda qadağan olunmuş vasitələrin imtahan binasına keçirilməsi, və ya istifadəsinin qarşısı alınır. Növbəti imtahanlarda iştirak edəcək şagirdlərdən xahiş edirik ki, müəyyən olunmuş qaydaları pozmağa cəhd göstərməsinlər. Mərkəzin əsas məqsədlərindən biri şəffaf, ədalətli və hamı üçün bərabər şərtlərlə imtahan keçirərək daha bilikli şagirdlərin müəyyən edilməsidir”.

Psixoloq: “Həssas abituriyentlərin biliklərini ortaya qoymasına mane olur”

Məsələnin psixoloji tərəfi də maraqlıdır. Daxil olan şikayətlərdə çox yaxşı oxuyan şagirdlərin bu yoxlanışda stress yaşayaraq müsbət nəticə göstərə bilmədikləri də deyilir. Elə bu səbəbdən də buraxılış imtahanları zamanı abituriyentlərin bir-birlərinin gözü qarşısında alt paltarına qədər yoxlanılması onların psixologiyasına necə təsir edir sualına cavab tapmaq üçün mütəxəssislə danışdıq. Məsələyə münasibət bildirən psixoloq Elnur Rüstəmov abituriyentlərin şəxsiyyətlərinin formalaşdığı bir dövrdə imtahan zamanı bir-birlərinin gözü qarşısında soyundurularaq yoxlanış aparılması müsbət nəticələr vermir: “Əgər doğrudan da qeyd edilən məktəblərdə bu hadisə baş veribsə, bu neqativ haldır. Çünki abituriyent həm də bir yeniyetmədir. Bu yaşlarda onun da şəxsiyyətinin formalaşması dövrü gedir. Onların digər abituriyentlərin gözü qarşısında bu formada yoxlanış aparılması doğru deyil. Sadəcə orada bir faktı araşdırmaq lazımdır. Çünki ola bilər ki, deyilən məktəblərdə hansısa abituriyentin köməkçi vasitələrdən, konspektlərdən istifadə etməsi haqqında məlumatlar olsun”.

E.Rüstəmov deyib ki, abituriyentlərin yoxlanması üçün xüsusi yerlər ayrılmalıdır: “Digər tərəfdən nəzərə almaq lazımdir ki, hər bir otağın özündə belə nəzarətçilər var. Hətta məktəblərin böyük bir qismində kameralar yerləşdirilib. Kamera vasitəsi ilə də şagirdin hansısa bir vasitəni içəri keçirməlisinə nəzarət edilir. Ona görə də o vasitələrdən istifadə edə bilməsi mümkünsüz olur”. Psixoloq bildirib ki, imtahanlar zamanı nəzarət prosesinə cəlb edilən insanlar daha diqqətli olmalıdır: “Çünki bu kənar narahatçılığa səbəb olur. Bəs kənar narahatçılıq nədən ibarətdir? Abituriyent cox gərgin olur. Hətta, bu cür yoxlanış prosesi və yaxud ağır formada nəzarət prosesinin həyata keçirilməsi həssas abituriyentlərin biliklərini ortaya qoymasına mane olur. Mexaniki səhvlər edirlər, bildiklərini yaza bilmirlər. Həmçinin özlərini pis hiss edirlər, imtahan üçün ayrılan üç saatı belə tam oturmurlar. Bunun nəticəsində imtahanın yarısında zalı tərk edirlər. Qeyd etdiyim hallarla yanaşı digər proseslər də baş verir. Əgər məqsəd abituriyentin bilik və bacarığını ortaya qoyulmasıdırsa, o zaman bunun üçün normal bir şərait olmalıdır. Bunun da nəticəsində şagirdlərin bilik və bacarığının potensialı yüksək səviyyədə ortaya qoyulur. Məhz bu istiqamətdə tədbirlərin görülməsi çox faydalı olardı”.

İstixeber.info

loading...