BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qubada möcüzə – 45 il əvvəll qazılan quyudan neft çıxmağa başladı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sovet dövründə qazılan quyu effektiv olmadığı üçün keçən il betonlanmışdı

Qubanın Talabı kəndində sovet dövründə qazılmış köhnə neft quyusu yenidən aktivləşib.

İstixəbər.info xəbər verir ki, bu barədə İstiPress-in şimal bürosuna yerli sakinlər məlumat verib. Bildirilib ki, bir il əvvəl quyunun üzəri müvafiq qurumlar tərəfindən beton qatı ilə qapadılıb. İndi isə yenidən örtülmüş quyunun yan hissəsindən qara maye – yəni neft çıxmağa başlayıb.

İcra başçısının Talabıqışlaq İnzibari Ərazi Dairəsi üzrə nümayəndəsi Xanlar Heybətovun sözlərinə görə, quyu sovet dövründə – 1973-77-ci illərdə qazılıb. “Yaşlı sakinlərin dediyinə görə, quyu qazılarkən balta içəridə sınıb qalıb və elə o vaxtdan quyudan vaxtaşırı neft çıxır”.

Onun sözlərinə görə, təxminən bir il bundan əvvəl müraciət əsasında Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi tərəfindən quyu betonlanıb. Amma, indi də onun yan-yörəsindən neft çıxmaqdadır.

Quba icra başçısının birinci müavini Aydəmir Manafovdan da məsələyə münasibət öyrəndik. İcra rəsmisi bildirib ki, rayonun Püstəqasım kəndinin yaxınlığında – yolun sağ hissəsində də quyu var. “Hər iki quyu barədə Neft şirkəti məlumatlıdır, İH olaraq biz bu işlərə müdaxilə edə bilmərik. Bu ərazilərdə vaxtaşırı  geoloji kəşfiyyat işləri aparılıb, aidiyyatı qurumlar məsləhət bildikləri vaxtda sovetdən qalma bu quyuları tədqiq edə bilər. Biz sadəcə quruma Talabı kəndindəki köhnə neft quyusunun yenidən aktivləşdiyi barədə məlumat verə bilərik”.

A.Manafovun sözlərinə görə,aktivləşən quyunun  yenidən işlənilib işlənilməməsi Dövlət Neft Şirkətinin səlahiyyətləri daxilindədir.

İstiPress-in sorğusuna Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin Siyəzənneft və qazçıxarma idarəsindən cavab olaraq bildirilib ki, həmin quyular sovet dövründə geoloji kəşfiyyat xarakterli qazılıb, effekt vermədiyi üçün işlənilməyib. “Mütəxəssislər yenidən o əraziyə göndəriləcək, baxış keçiriləcək. Quyunun səmərəsi aşkar olarsa, işlənilməsinə qərar veriləcək”.

İstixəbər.info İnformasiya Portalı

loading...